• 3 Dekabr 2020

Şanlı Vətənin qəhrəman övladı: Dövlətçilik tariximizin mahir təbliğatçısı olan Əhməd Cavad

14:00 22/10/20 | Mədəniyyət

Soranlara, mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bu ölkənin
Haqq-bağıran səsiyəm.

                     Əhməd Cavad

 

(Əvvəli - https://azadaz.com/xeber/9477/sanli-vetenin-qehreman-oevladi-doevletcilik-tariximizin-mahir-tebligatcisi-olan-ehmed-cavad)

Əhməd Cavadın adı həmçinin ADC ilə yanaşı çəkilməsi ilə də tarixə yazılıb. Həm də şərəfli bir iz salıb. Bir də, təbii ki, həm həyatında, həm yaradıcılığında böyük yeri olan müsavat partiyası ilə əlaqəsini də xüsusi vurğulamaq lazımdır. İstedadlı şair Əhməd Cavadın milli ruhlu şeirləri, bu yaradıcılığın ADC-nin həyatındakı rolu artıq dəfələrlə araşdırılıb. O da bəllidir ki, bu münasibət ADC-nin süqutundan sonra Əhməd Cavadın da bir insan və bir şair kimi məhvinə səbəb oldu. Halbuki onun bütün xəyalları, arzuları bu cümhuriyyət ilə bağlı idi. Qurulan dövlət də, təbliğ olunan ideallar da onun həyatının, təbii ki, eyni zamanda da yaradıcılığının mənasına çevrilmişdi.

Ey Tanrının cənnət uman qulları,

Mən cənnəti bu dünyada bulmuşam.

Aramaqdan bezdiyiniz yolları

Axtarmaqda mən sevdada bulmuşam! 

Şair öz həqiqətini tapmışdı və tapdığı bu həqiqətə cani-könüldən inanırdı. Amma inancı həm də onun məhvinə səbəb oldu. O məhz milli ruhlu şeirlərinə, məhz istiqlal carçısı olduğuna görə sovet dövründə təzyiqlərə, təqiblərə məruz qaldı. O, sovet rejimi qurulduqdan sonra fərqli bölgələrə çəkilsə də, yazdığı şeirlərdə ruhunu öldürməyə, əzməyə, yenilmiş və yenilənmiş kimi göstərməyə çalışsa da, artıq fərmanı verilmişdi, qarşıya qoyulan məqsədə doğru irəlilənməkdə idi. Hər şeiri çıxdıqda hamı sözləşibmiş kimi, mətbuatda tənqidi məqalələrlə çıxış etməyə başlayırdı. Elə bir dövr, elə bir mühit idi ki, sadəcə susmaq, sadəcə dinləmək, kölgəyə çəkilmək, yox olmaq mümkün deyildi. Özü də Əhməd Cavadın aktiv müəllimlik fəaliyyəti də nəzərə alınarsa, bunu mümkünsüz olduğu aydınlaşar. O, yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq üç dəfə həbs olunmuşdu. İlk dəfə bu 1923-cü ildə olmuşdu. Səbəb isə başqa bir müsavatçı Mirzə Bala Məmmədqluzadənin Türkiyəyə qaçıb getməsinə yardım etməsi idi.

İlk dəfəki həbs zamanı olmasa da, sonrakı dindirmələlərdə Əhməd Cavad bu faktı etiraf edərək boynuna alır. Amma taleyin çox maraqlı oyunları olur. Belə ki, o ilk dəfə həbs olunduğu zaman qurtuluşunun səbəbkarı, nə qədər qəribə də olsa, Mircəfər Bağırov idi. Daha doğrusu, o, Əhməd Cavad və H.Musayev birlikdə hələ 1920-ci ildə Qubanın Xuluq kəndində işləmişdir. Bundan istifadə edən Hüseyn Musayev Mircəfər Bağırovun yanına gedərək Cavadın azad olmasını xahiş edir. Və istəyinə nail ola bilir. Amma bu qurtuluş müvəqqəti idi. Çünki artıq yaddaşlara yazılmış istiqlal şeirindəki səmimiyyət, inanc və etiqad o misraların sahibinin daxilən, mənən öz inamından dönməyəcəyini, bu quruluşa uyuşmayacağını xəbər verirdi. Əslində, elə “etiraf edirəm” sözlərinin söylənildiyi məclislərdə belə Cavad “Mən xəyənatkar deyiləm” sözünü təkrar etməklə özünü müəyyən mənada ələ vermiş olurdu. Bu ifadəni başqa mənada işlədirmiş kimi görünsə də...1920-1925-ci illər arasında Ə.Cavad cəmi 4-5 şeir çap etdirir. Hər halda, özü də anlayırdı ki, onu ilişdirmək üçün pusquda dayananlar var. Əksəriyyəti də öz “qələm yoldaşları”. Hər sözü, cümləsi təftiş olunur, hər ifadəsinin altından əks-inqilabi fikirlər, azadlıq yanğısı və həsrəti axtarırdılar.

Xüsusilə də nəzərə alınsa ki, Əhməd Cavad dövrünün gəncləri arasında sevilən və yaradıcı gəncləri öz “havasına çəkən” bir şair idi, “təhlükə” nin nə qədər böyük olduğu anlaşılar. Beləliklə, 1920-1930-cu illərdə bu yaradıcılıq geninə-boluna təftiş olunmağa başlayır.

Əhməd Cavad yaradıcılığının ilk illərindən etibarən əsərləri M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq, H.Cavid, M.Müşfiq, S.Hüseyn, X.X.Səbribəyzadə, H. Qarağazadə kimi müəlliflər tərəfindən təhlil və təqdir olunan şairin yaradıcılığı ətrafında qızğın mübahisə və müzakirələr 1920-1930-cu illərə aiddir. Həmin dövrdə, yeni ideloji sistem və elmi-nəzəri prinsiplər dövründə şairin əsərləri sosioloji tələblərlə təhlil edilir, ondan sosializm quruculuğu, kollektivləşmə, sənayeləşmə və s. bu kimi ideyalara xidmət tələb olunurdu. Və o, qismən də olsa, bunun ücün çaba göstərirdi. Digər tərəfdən də iclaslarda, pleniumlarda çıxış edərək özünə haqq qazandırmağa, ittihamlara cavab verməyə çalışırdı. Bu məsələdə bir incə məqam var: maraqlıdır ki, əslində, mətbuatda, iclaslarda Əhməd Cavadı ittiham üçün söylənilən fikirlər təkrar-təkrar deyilə-deyilə sonda onun öz dilindən çıxarılırdı. O, özünü, öz ruhunu başa salmağa çalışaraq söyləyirdi: “...etiraf etməliyəm ki, qabaqda milli-şovinizm məzmunlu əsərlər yazmışam... Mən köhnə üsul ilə tərbiyə almış bir insanam və özüm də gənc deyiləm... Söz verirəm və çoxdan bəri söz vermişəm ki, yeni ruhda işləyəcəm. Lakin imkan veriniz, yardım ediniz... Milli şair olmağa çalışdım, bir çox parçalar yazdım. Bunu boynuma alıram. Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara qələm çəkdi ki, milli duyğu da onun içində. Bu gün ümumi bəşəri əhəmiyyəti olan bir hərəkətdən saparaq dar bir çərçivəyə girmək bəşəriyyətlə, yazmış olduğum milli ruhda parçalardan imtinayla gənc dimaqlar üçün onların zərərli olduğunu etiraf edirəm.” Bütün bunlar nə idi? Özü-özü ilə aparılan mübarizənin nəticəsimi, yoxsa cismən sağ qalmağa aparan yeganə yolun və yeganə çözümün məhz bu olduğunun dərkimi? Yəqin ki, hər ikisi də vardı...

O, vəziyyətdən çıxmağa çalışırdı. Mənən, ruhən bunun belə onu xilas etməyəcəyini anlasa da, yenə də ailəsi, uşaqları, məhv edilməsi üçün hər şey edilən, amma hələ də içində yaşatdığı, ölməyə, can verməyə qoymadığı arzuları, ideyalları naminə çabalayırdı.  Amma istedad hər zaman düşmən doğurur. Cavadın da düşmənləri vardı. Onun istedadının məhvindən keçdiyini anlayanlar fəaliyyətdə idilər. Və kim nə deyir-desin, “Ələkçinin qıl verənləri” olan “qələm yoldaşları” olmasaydı, “sapı özümüzdən olan baltalar” olmasaydı,  istedada paxıllıq hissi ilə qovrulan istedadsızlar olmasaydı yəqin ki, Əhməd Cavad  və onun kimilər belə asanlıqla qurban verilməyəcəkdi. Ya da ən azından bu qədər çox ziyalı qurbanlarımız olmayacaqdı. Onun ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri 1925-ci ildə dərc etdirdiyi “Göy göl” şeiridir. Hətta canfəşanlıq edənlərin köməyi ilə şeir tərcümə olunub Moskvaya belə göndərilmişdi. Amma “Göy göl” orada yoxlanılsa da, elə bir siyasi səhv tapılmadığından onu azad etmək məcburiyyətində qalmışdılar.

O özü isə bu şeirlə bağlı çıxışında deyirdi: ““Göy göl” də, nə də mətbuatda çıxan başqa yazılarımda bilxassə 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yoxdur. Şeirimdəki hüzn çocuqluğumdan başlayaraq yazmaqda olduğum parçaların çümləsində olduğunu yoldaşlar da çox gözəl bilir. Bən burada böylə bir hüznün bugünkü ədəbiyyata da xeyirli olduğu deyil, bəndəki hüznün siyasi olmadığını söyləmək istəyirəm”. O, “Moskva” şeiri ilə bağlı da bərk qınanılırdı. Cavadın özü də bu şeirin zəif olduğunu çıxışında etiraf etməli olmuşdu.   Beləliklə, 1929-cu ildən başlayaraq ta 1937-ci ilə kimi respublika mətbuatında Ə.Cavadın mühakiməsinə həsr olunmuş, onu tənqid və “ifşa” edən müxtəlif yazılar yazılırdı. Əksəriyyəti imkansız yazılmış şeir və məqsədlərlə şair tənqid və təhqir edilirdi. 1928-ci ildə  Əhməd Cavad 16 şeirinin Türkiyədə çap olunan “istiqlal məcmuəsi” nə düşməsi isə onu  ifşa edənlərin əlinə əsaslı bir bəhanə vermiş oldu.

Beləliklə, düz iki il davam edən ifşa kampaniyasından sonra böyük şair Ə.Cavad 1930-cu ildə Gəncəyə köçmək məcburiyyətində qaldı. Düz beş il o, Gəncədə yaşayıb-yaradır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasının müdiri, Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində işləyir. 1933-cü ildə professor adını alır. Amma Bakı ondan əl çəkmir. 1934-cü ildə şair “Azərnəşr” də işləmək üçün yenidən Bakıya dəvət alır. Və hər şey yenidən başlayır. 1937-ci il, mart ayının 21-də hədəf vurulur. O, “Xalq düşməni” kimi əvvəlcə Şura Yazıçıları Cəmiyyətindən uzaqlaşdırılır. Daha sonra isə həbs edilir. Dövlət Təhlükəsizliyi Komitəsində Ə.Cavadın 22316 nömrəli “istintaq” işi saxlanılır. Şair 1937-ci il, iyun ayının 4-də Hüseyn Cavid, Mikayıl Müşfiq və Vəli Xuluflu ilə eyni vaxtda həbs edilir. “Məhkəmə həmin ilin oktyabr ayının 12-də başlandı, cəmi 15 dəqiqə davam etdi. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə onu güllələdilər. Məhkəmənin sədri İ.O.Matuleviç, üzvləri İ.M.Zaryanov və C.K.Jiqur idi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70, 73-cü maddələri ilə ittiham etmişdir. İrəli sürülən ittihamlardan birincisi  budur  ki, guya şair 1922-ci ildən əks-inqilabçı müsavat hərəkatının iştirakçısı olub, 1936-cı ildən isə o, Azərbaycanda mövcud olan üsyankar təxribatçılıq-terror-diversiya, millətçi təşkilata qoşulur, öz qarşısına guya Sovet hakimiyyətini yıxmaq, Azərbaycanı SSRİ-dən ayırmaq məqsədini qoyur.

Məhkəmədə hərbi yurist A.F.Kostyuşko və prokuror N.S. Rovski iştirak etmişlər. Lakin burada müdafiəçilər, yəni vəkillər, şahidlər isə iştirak etməmişlər. Əslində bu məhkəmə “15 dəqiqəlik məhkəmədən” bir gün əvvəl, yəni oktyabrın 11-də keçirilmişdir. Hökm bir gün sonra çıxarılmışdır. Şairə ölüm hökmü-“güllələnmək” kəsilmişdir. Şairin həbsinin səbəbi, taleyinin nə ilə yekunlaşdığı, başına nələr gəldiyi nəinki cəmiyyətə, heç ailəsinə də bildirilmir. Əksəriyyət onu Sibirə sürgün olunmuş zənn etsə də, rəsmi sənədlərdən məlum olur ki, o, 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib. Lakin qısa müddətdən sonra şairə bəraət verilib.  Onun şeirləri Azərbaycanımızın bütün bölgələrində dildə-ağızda gəzirdi, ən böyük məclislərdə əzbərdən oxunurdu.

Türküstan yelləri öpüb alnını,

Daha yüksəklərə ucal, bayrağım!..

Bu misralar şairin şeirinin xalq variantıdır.

(Ardı var)

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?