• 29 Noyabr 2020

Bizi gələcəkdə böyük firavan günlər, illər gözləyir

12:07 05/11/20 | İdman

Fazil Hadıbəyov: “Qarabağda dünya səviyyəsində tanınan çoxlu idmançılar yetişəcək”

Azərbaycanda idmanın inkişafina böyük diqqət yetirən ulu öndər Heydər Əliyev deyirdi: “İdmanımızın, bədən tərbiyəmizin çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün bir adət, ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandən kənarda qalmasın. Biz buna hökmən nail olmalıyıq. Bu, xalqımızın gələcəyi deməkdir”. Əbədiyaşar prezidentimizin bu sözləri də bu gün Qarabağ uğrunda gedən Vətən müharibəsi döyüşlərində bizə çox lazımdır. Çünki bu gün orduda olan gənclərimiz yüksək fiziki hazırlığa malik olmaqla, düşmənə qan uddururlar. Bu döyüşlərdə “Zenit” İdman Cəmiyyətinin yetirmələri də iştirak edirlər.

“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yarandığı 1993-cü ildən böyük uğurlar əldə edir. 2014 və 2015-ci ildə Dünya, Avropa və Beynəlxalq yarışlarda qazanılan uğurlarına görə respublikada ilin ən yaxşı idman cəmiyyəti adına layiq görülüb. Bütün bunlardan ruhlanan Cəmiyyət 2016-cı ilin cəmi 8 ayı ərzində daha böyük uğurlara imza atıb. Hətta bu uğur Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiadasında özünün pik nöqtəsinə çatdı. Belə ki, Cəmiyyətin üzvü Cəbrayıl Həsənov orada bürünc medala layiq görüldü.

Son dörd ildə də “Zenit” İdman  Cəmiyyəti İctimai Birliyinin idmançıları bir çox uğurlara imza atıblar. Bu yazıda məqsəd həmin uğurları sadalamaq yox, Vətən müharibəsində rəşadətli ordumuzun uğurları və “Zenit” İdman Cəmiyyəti İctimai Birliyinin idmançıları  haqqında danışmaq üçün təşkilatın sədri, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Bədən Tərbiyəsi və İdman Xadimi Fazil Hadıbəyovla həmsöhbət olduq.

- Qarabağda gedən bu müharibə ilə bağlı bir idman xadimi, böyük ictimai birliyin sədri və tanınmış ziyalı kimi nə demək istərdiniz?

- Sentyabr ayının 27-dən gedən bu müharibədə hər gün rəşadətli ordumuzun qələbələrini gördükcə, kəndlərimizin, döyüş üçün əlverişli yüksəkliklərin alındığının şahidi olduqca böyük sevinclə yaşayırıq. İnanıram ki, son qarış torpağmızı belə rəşadətli ordumuz erməni gavurlarından təmizləyəcək. Təbii ki, dayanmaq olmaz. Bütün bu qələbələr də Ali Baş Komandanımızın, zabitlərimizin, milli ordumuzun hesabınadır. Artıq 30 ildən çox idi ki, biz gözləyirdik, səbr edirdik. Fikirləşirdik ki, ermənilər torpaqlarımızı sülh yolu ilə geri qaytaracaqlar. Axı bizim xalqımız sülhpərvər xalqdır. Amma axırda məlum oldu ki, Minsk qrupunun həmsədrləri olan Amerika, Fransa və Rusiya həmişə bizi aldadırmış. Bizim başımızın altına yastıq qoyub, ermənilərə kömək edirmiş. Bax indi onlar əl-ayağa düşüb, müharibəni dayandırmaq istəyirlər. Təsəvvür edin ki, bütün bu illərdə Xocalı faciəsi heç vaxt mənim yadımdan çıxmayıb. Hər dəfə orada olan dəhşətli kadrları görəndə mən özümü saxlaya bilməyib, kövrəlirəm. Bu dəhşətləri törədənləri necə bağışlamaq olar? Hələ bu dəhşətlər azmış kimi erməni gavurları Gəncəni, Bərdəni, Ağdamı, Tərtəri, Goranboyu və başqa müharibə getməyən yerləri də vururlar. Orada uşaqları, qocaları, dinc əhalini qətlə yetirirlər. Belə vəhşi millət olarmı? Onların hamısını yer üzündən silmək lazımdır. Bu şərəfsizlər başa düşə bilmirlər ki, bizim əsgərlərimiz istəsələr bir neçə günün içində İrəvanı və bütövlükdə Ermənistanı darmadağın edə bilərlər. Amma onlar bunu etmirlər. Çünki biz dinc əhali ilə yox, faşist xislətli erməni gavurları ilə vuruşuruq.

- Sizin “Zenit” İdman Cəmiyyətinin üzvlərindən də çoxu bu gün orduda döyüşür…

- Bəli, tək “Zenit” İdman Cəmiyyətindən yox, respublikamızın bütün idman cəmiyyətlərində olan idmançıların bir çoxu bu gün ordu sıralarında döyüşür. Bir vaxtlar ulu öndər Heydər Əliyev idmanın önə çəkilməsində demə böyük, uzaqgörən siyasət qurubmuş. Cavanlarımızın sağlam ruhda böyüməsini və gələcəkdə onların torpaqlarımızı qoruyacaqlarını əvvəlcədən görürmüş. Allah dahi rəhbərimizə rəhmət eləsin. Elə bizim “Zenit” İdman Cəmiyyətində də bir vaxtlar fəaliyyət göstərmiş çoxlu cavanlar bu gün ordu sıralarında döyüşürlər. Əlbəttə, mən onların hamısının adını çəkə bilmərəm. Amma idmanda böyük nəticələr göstərmiş, Azərbaycan, Avropa, dünya çempionu olmuş  bir idmançımızın adını çəkə bilərəm. Bu,  sərbəst güləşçimiz Əfqan Xaşalovdur. O, Azərbaycan, Avropa, Dünya çempionu, Beynəlxalq yarışların qalibi olub. Hal-hazırda da döyüşlərdə iştirak eləyir. Eləcə də bir vaxtlar mükafatlar almış digər idmançılarımız da rəşadətli ordumuzun sıralarındadır.

- Sizinlə söhbətlərimizdən eşitmişəm ki, əvvəlki müharibələr sizin ailəyə də böyük itkilər gətirib.

- Bəli, elədir. Bizim nəsil repressiyanın qurbanı olub. Bütövlükdə nəslimizi 1937-ci ildə Masallıdan Orta Asiyaya, Sibirə sürgün eləyiblər. Bizim ailə Qazaxıstanın Cambul vilayətinin Çu rayonunun Yeni yol kəndində məskunlaşıb. Mənim atam Məhəmmədəli kişi Böyük Vətən Müharibəsində Kursk cəbhəsində vuruşub. Orada ağır yaralanıb. Dayım Qəyyum Musayev cəbhədə həlak olub. Çuda olan çoxlu başqa qohumlarımız, həmyerlilərimiz də yaralanıb, həlak olublar. O vaxtlar Sovetlər Birliyini biz hamımız bir dövlət bilirdik. Heç vaxt ağlımıza gəlməzdi ki, bir vaxt gələcək, SSRİ-nin başında dayanan “xallı şeytan” Mixail Qorbaçov öz havadarları ilə birlikdə ermənilərə köməklik eləyib, bizim ata-baba yurdumuz olan Qarabağı onlara verəcək. Bizim haqq səsimizi bu 32 ildə heç kim eşitməyəcək. Yaxşı ki, Türk qardaşlarımız bizim səsimizi eşitdi və bizə arxa-dayaq oldular. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı artıq öz yerini tapdı. Beləliklə, biz, bu xəstə təxəyyüllü xuntanı sıxışdırıb, artıq torpaqlarımızdan çıxarırıq.

- Bəs gələcəkdə Qarabağda idmanla bağlı “Zenit” İdman Cəmiyyətinin planlaşdırdığı işlər nədən ibarətdir?

- «Qarabağ» İdman Cəmiyyəti var. Onun sədri də dostumuz Ceyhun  İbrahimovdur. Orada da sədr olub və burada da sədrdir. Yəqin ki, gələcəkdə biz də ona dəstək olub, “Zenit” İdman Cəmiyyətinin Qarabağda ayrı-ayrı rayonlarında məşqçi müəllimlər götrürüb, onların əmək haqqını öz cəmiyyətimizin hesabına ödəyərək orada idmançılar yetişdirməyi planlaşdırırıq. Bizim Gəncədə, Sumqayıtda, Lənkəranda belə təşkilatlarımız var. Sağlıq olsun. Təki tezliklə torpaqlarımızı erməni gavurlarından təmizləyək. Xalqımız bu gün  bir yumruq kimi, ölkə başçımız, Ali Baş Komandanımızın ətrafında sıx birləşib. Bu xalqın qarşısında daha heç bir düşmən dayana bilməyəcək. Bizi gələcəkdə böyük firavan günlər, illər gözləyir. Ulu öndərimiz Heydər Əliyev də bir vaxtlar deyirdi: “Qarabağ alınandan sonra orada biz çox böyük işlər görəcəyik”. Dahi rəhbərimizin həmin arzularını prezidentimiz İlham Əliyev tezliklə reallaşdıracaq. “Zenit” İdman Cəmiyyətinin də orada imzası olacaq. Qarabağda dünya  səviyyəsində tanınan çoxlu idmançılar yetişəcək. Hələ hər şey qabaqdadır. Allah Azərbaycanımızı qorusun!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?