• 29 Noyabr 2020

Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir

12:22 05/11/20 | Mədəniyyət

"Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir"

Ümummilli lider Heydər Əliyev

Bu gün adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Məhz buna görə milli adət-ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə çevrilməsi həmişə aktual olub. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr məkanında klassikləşib və mədəni irsə çevrilib. Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq əski adət və ənənələrdən bəhrələnib.

Ekspert İlkin Əliyev qeyd edir ki, hər xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edə bilərik: «Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir».

Ekspert bildirib ki, hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir: «Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir».

İ.Əliyevin sözlərinə görə, milli-mənəvi dəyərlər bədii ədəbiyyatda formalaşır: «İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni, mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsili və s. bu kimi elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii ədəbiyyat təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır».

Ekspert qeyd edir ki, adət-ənənənin milli dəyər kimi yaşaması ailədən başlayır: «Hər bir xalqın mövcudliğunun əsas göstəricisi olan adət və ənənələr, milli-mənəvi dəyərlər onun tükənməyən ən qiymətli sərvətidir. Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adətənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Adət-ənənənin milli dəyər kimi yaşamasi ailədən başlayır və cəmiyyət tərəfindən qəbul edilir, millətin, dövlətin atributinə çevrilərək gələcək nəsillər tərəfindən qorunur. Azərbaycan ailəsinin uzunömürlülüyü məhz bu ənənəyə söykənir. Ağsaqqal, ağbirçək məsləhəti gənclərin ailə qurmasinda mühüm rol oynayır ki, bu da ailənin uzunömürlülüyünün əsas göstəricisidir».

Bəli, hələ vaxtilə dünya şöhrətli yazıçı Aleksandr Düma təsadüfən Azərbaycan adət-ənənələrini çox bəyənməmişdi və öz xatirələrində bu haqda çox məqamlardan yazmışdı. Böyük rus yazıçısı Lev Tolstoy da “Hacı Murad” əsərini məhz Azərbaycan adət-ənənələri əsasinda yazmış, kişilik, mərdlik, namus, qeyrət, alicənablılıq və s. kimi dəyərləri yüksək qiymətləndirmişdir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır.

Onu da bildirək ki, milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasinin təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli-mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli-mənəvi dəyərlərin gələcək nəslə aşılanması. Milli dəyərlərə söykənən dövlət quruluculuğu xalqın milli şüuruna, mənəvi dəyərlərinə istinad edir və dediklərimizin gənc nəsilə aşılanması ən vacib məsələlərindən biridir.

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən ulu öndər Heydər Əliyev deyib: "Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Kərimdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir".

Cavanşir QƏDİMOV

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?